Mea Darlığı

Mea darlığı vəya Meatal stenoz nədir?
Sidik kanalının ucundakı son hissəsi meatus adlanır (sidik kanalının xarici dəliyi). Meatal stenoz (mea darlığı) – meatusun daralmasıdır. Müayinə zamanı meatus çox kiçik, iynə dəliyi kimi görünə bilər. Bu daralma ciddi olduqda, sidiyin sidik kisəsindən çıxması çətinləşir və sidik kisəsi tam boşalmaya bilər.

Meatal stenozlu uşaqlar adətən ağrıdan şikayət etmirlər. Lakin sidik kisəsinin tam boşalmaması disuriya (sidik zamanı yanma və ya ağrı) və ya sidik yolları infeksiyaları üçün risk faktoru ola bilər. Həmçinin böyrək problemlərinə səbəb ola bilər.

Meatal stenoz sünnət əməliyyatından sonra ən çox rast gəlinən fəsadlardan biridir.

Meatal stenozun əlamətləri və simptomları
Uşaqlarda aşağıdakı simptomlar müşahidə oluna bilər:

  • Sidik ifrazında çətinlik

  • Tez-tez sidiyə getmək

  • Sidiyin nazik axınla və uzun müddətə ifraz olunması

  • Sidik axınının başlamasında və davam etməsində çətinlik

  • Sidik axınını tualetə yönəltməkdə çətinlik (bəzən yuxarıya doğru olur)

  • Sidiyin  səpələnmiş şəkildə çıxması

  • Sidik ifrazı zamanı uşağın  gücənməsi

  • Bəzi uşaqlarda sidikdə qan və ya sidik ifrazı zamanı ağrı ola bilər

Müalicə
Əgər müayinə zamanı uşağın meatusu dar görünürsə, amma sidik axını normaldırsa və heç bir simptom yoxdursa, bəzən müalicə tələb olunmur. Vəziyyətin ağırlığını dəyərləndirmək və cərrahi müdaxiləyə ehtiyac olub-olmadığını anlamaq üçün fiziki müayinə və dəqiqləşdirmək üçün uroflovmetriya (işəmə testi) müayinəsi aparılır.

Meatal stenozun müalicəsi
Bu vəziyyət cərrahi yolla – meatoplastika adlı əməliyyatla müalicə olunur. Meatusun alt hissəsində kəsik aparılır və bu kanal genişləndirilir. Əməliyyat ümumi anesteziya ilə  aparılsa da, bəzi hallarda lokal anesteziya ilə ambulator şəraitdə də icra edilə bilər.

Əgər əməliyyat əməliyyat otağında aparılırsa, meatusda kəsik aparılır və öz-özünə əriyən incə tikişlər qoyulur. Əgər ambulator şəraitində edilirsə, kiçik bir kəsik aparılır, lakin tikiş qoyulmur.

Əməliyyatdan sonra
Uşağa gün ərzində hər bir neçə saatdan bir su içməyə təşviq edilir – bu, sidik zamanı göynəməni və ağrını azaldır. Sidik nə qədər az konsentrasiyalı olarsa, o qədər az yanma hissi olacaq. Sitrus meyvələrin şirələri və qazlı içkilərdən uzaq durmaq tövsiyə olunur.

Əməliyyatdan sonra ilk 24 saat ərzində sidik ifrazı zamanı yanma hissi ola bilər. Uşaq, əgər özünü çox narahat hiss etmirsə əksər halda 1-2 günə məktəbə qayıda bilər. Bəzi hallarda 1-2 günlük kateter yerləşdirilə bilər.

Op.Dr.Pərviz Hacıyev, FEAPU

Uşaq Urologiyası Uzmanı

0504443035