Sünnət

Sünnət (sirkümsiziya), penisin uc hissəsini (glans) örtən dəri hissəsinin (prepisyum) kəsilərək çıxarılması deməkdir. Dini və ya tibbi əsaslarla görə tədbiq olunur.

Sünnət neçə yaşında olunmalıdır?

Ailənin istəyinə bağlı sünnətlər üçün təklif edilən yaş intervalı 6 ay ilə 2 yaş arası və ya 6-ci yaşdan sonradır. 2-6 yaş arası uşaqlarda sünnət nadir də olsa bir sıra psixoloji problemlərə yol aça bilər. Bu səbəblə tibbi göstəriş yoxdursa 2-6 yaş arası edilməməli. Ediləcək isə yatırılaraq, yəni sedasiya anesteziya altında edilməsi məsləhətdir.

Təkrarlayan sidik yolu infeksiyaları, sünnət dərisinin darlığına (fimoz) bağlı rahat işiyəbilməmə, ana bətnində müəyyən edilmiş sidik axarına aid pozğunluqlar, veziko-üreteral reflyuks kimi sidik yolu infeksiyasına səbəb ola biləcək anomaliyalarda sünnət vaxtından əvvəl məsləhət görülə bilər.

Sünnət yerli keyəltmə ilə mi yoxsa ümümi anesteziya (narkoz) altında edilməlidir?

Sünnət ağrısız olmalıdır və uşaqda psixoloji təsir buraxmamalıdır, bu səbəblə 6 aya qədər yerli keyəltmə ilə 6 aydan böyük uşaqlarda isə qısa çəkən sedasiya (ümümi anestezi) altında edilməsi tövsiyyə edilir.  İstər yerli keyitmə ilə istər ümümi anesteziya  üçün istifadə olunan dərmanların, anestetik maddələrin düzgün dozada seçilməlidir.

Sünnət lazerlə mi edilməli yoxsa klassik üsul ilə edilməlidir?

Əslində lazerlə sünnət olmur. Lazer adlandırılan alət monopolyar koterin və ya termokoterin xalq arasında istifadə olunan adıdır. Tibbdə əməliyyatlarda koterlərdən qanamanı kontrol altında tutmaq üçün istifadə olunur. Cinsiyyət üzvü, sidik axarı kimi nazik uc orqanlarda monopolyar koter istifadəsi təhlükəlidir. Sünnət edilərkən `lazerlə` dərinin kəsilməsi , kəsilən yerlə yanaşı qonşu toxumaları da yandıra bilər. Bu qalıcı fəsadlara səbəb ola bilər. Yəni, qansız, lazerlə sünnət adlandırılan üsul ilə sünnət icra edilməməlidir. Sünnət klassik usul ilə soyuq kəsilməli və qanama bipolyar koter istifadə edilərək kontrol edilməsi məsləhət edilir.

Sünnət faydalıdır mı?

Bəli faydalıdır. Tədqiqatlar göstərib ki, həyatının ilk ilində, sünnət olunmamış oğlan uşaqları arasında sidik yolları infeksiyasının əmələgəlmə ehtimalı sünnət olunmuş oğlan uşaqları ilə müqayisədə 10 qat daha yüksəkdir. Sünnət dərisi iltihabi dəri xəstəliklərinin yaranmasına da əlverişli şərait yaradır. Belə ki, balanit, balanopostit, fimoz, parafimoz kimi problemlər sünnətsiz uşaqlarda daha çox müşahidə olunur.  Sünnət prosesini başa vurmuş, cinsi aktivlik yaşına çatan kişilərdə isə QİÇS, HPV, Sifiliz, Herpes kimi cinsi yolla keçən xəstəliklərə yoluxma riski sünnətsizlərə nisbətdə aşağı olur.  Sünnət kişilərdə cinsiyyət orqanının xərçəngi riskini azaldır. Eyni zamanda sünnətli kişilərin cinsi təmasda olduqları qadınlarda uşaqlıq ağzı (serviks) xərçəngi riskinin azaldığı müşahidə olunub.

Sünnət faydalıdır, amma sünnət üçün ən əhəmiyyətli məsələ odur ki; sünnət əməliyyatı cərrahi prinsiplərə əməl edilərək, təcrübəli bir həkim tərəfindən yerinə yetirilməlidir, çünkü üsuluna uyğun edilməz isə bütün cərrahi əməliyyatlarda olduğu bir sıra ciddi ağırlaşmalara yol açabilər.

Sünnət dərisi geri çekilməlidirmi? Sünnət dərisini sıyırmalımı?

Xeyr. Çəkilməməlidir.

Normal penis inkişafı zamanı glans və pülük dərisi (sünnət dərisi) yapışıqdır (fizyoloji fimoz). Beş yaşına qədər uşaqların 75%-də normal olaraq bu yapışıqlıq ola bilər. Zaman içərisində bu nisbət azalır və sünnət dərisi penisdən öz-özünə ayrılır.

Sünnət dərisi içində yığılan el arasında duz, kristal adlandırılan maddənin adı smeqmadır, və smeqma infeksiya deyil, o pülük dərisinin ifrazatıdır. Əgər smeqma uca doğru gəlib çıxırsa yaş pambıq ilə onu təmizləyin, amma sünnət dərisinin geri çəkib təmizləməyə çalışmayın. Çünkü sünnət dərisinin (pülüyü) zorlayaraq açmağa çalışmaq cinsi orqanın dərisinə zərər verir və sünnət dərisinin iltihabına səbəb olur. Əgər dar olduğunu düşünürsüzsə uşaq uroloquna göstərin.  Amma geri sıyırmaya çalışmayın.

Estetik Sünnət

Sünnət edərkən cinsiyyət üzvünün estetikasına diqqət edilməz isə uşağın gələcəkdə  psixologiyasına, cinsi yaşamına, özünə inamına təsir edə bilər. Dəlləklər vəya təcrübəsiz əllərdə icra olunan sünnətlərdə ciddi fəsadlar, estetik problemlər görülür.

Estetik sünnətində məqsəd düzgün ölçülərdə, simmetrik dəri qorunaraq sünnət edilməsidir, daxili pülüyün (mukozanı) milimetrik olaraq 4-5 mm ölçülüb saxlanmasıdır. Bu, estetik görünüşə səbəb olur, anatomik olaraq dəri nə uzun nə də qısa kəsilməli. Öz-özünü sürətlə əriyən incə tikişlərin istifadə edilməsi yara izinin qalmaması məqsədi daşıyır.

Bəzən gömük cinsiyyət üzvü olan hallarda xüsusi cərrahi texniki yöntəmlərlə sünnət edilməli.

Valideynlərə məsləhətlər:

  • Toplu (kütləvi) keçirilən  sünnətlərdən qaçının, çünki toplu sünnətlərdə fəsadların yaranma ehtimalı qismən daha yüksəkdir.
  • Sünnət etdirmək üçün tələsməyin! düzgün yaş seçin, çünki 3-5 yaşlı uşaqlara sünnətin nə olduğunu, niyə edildiyini başa salmaq və uşaqdan anlayış gözləmək çox çətindir. Buna görə də, uşaq 6 yaşdan böyükdürsə, sünnət və proseduru sadə dildə qavrayırsa, istisna vəziyyət  yoxdursa, sünnət etdirmək olar.
  • Evdə və ya gigiyenaya riayət edilməyən müxtəlif yerlərdə, eyni zamanda qeyri-professional şəxslərə (“dəlləklərə”) sünnət etdirməyin!
  • Uşağın yaşından asılı olmayaraq o, ağrı hiss edə bilər, bu səbəblə ya yerli, ya da ümümi anesteziya altında sünnət etdirin.
  • Ən əsası, sünnətdən öncə mütləq müayinə etdirin. Cinsiyyət üzvündə və xayalarda hər hansı problemin olub olmadığı əməliyyatdan öncə bilinməlidir. Bunlar enməmiş xayahipospadiya (peyğəmbər sünnəti, doğuşdan yarımsünnətli) kimi uroqenital  anomaliyalardır. Həkim bunu öncədən aşkar etməli, ailəyə məlumat verməli və bu xəstəliklərin cərrahi yolla düzəlməsinə uyğun vaxt ayırmalıdır.

 

Sünnət əməliyyatdır, küçümsəməyin! Çünki bu əməliyyat  geri dönüşü olmayan fəsadlara səbəb ola bilər! Uyğun yaş seçin və sünnət üçün professional mütəxəssislərə müraciət edin

Əlavə oxuyun: