Uşaqlarda Qasıq Yırtığı
Qasıq yırtığı nədir?
Qasıq yırtığı (inquinal hernia), qarın boşluğunun aşağı divarındakı deffektdən orqan və ya bağırsağın bir hissəsinin qasıq kanalından keçərək xaya kisəsinə (qızlarda qasıq nahiyyəsinə) doğru çıxdığı bir vəziyyətdir. Xalq arasında”qasıq qrijası” da deyilir.
![Qasıq yırtığı](https://uroloq.com/wp-content/uploads/2023/05/qasiqyirtigi-1.png)
Uşaqlarda qasıq yırtıqlarının səbəbi nədir?
Çəp (dolayı, indirect) qasıq yırtıqları qasıq kanalının daxili halqasından çıxır, xayanın xayalığa endikdən sonra peritonun bağlanmaması nəticəsində baş verir. Bu açıqlıq bağlanmadıqda, mayənin və orqanların qarın daxilindən xaricə itilməsi görülə bilir.
Uşaqlarda qasıq yırtığı nə qədər yaygındır?
Uşaqlarda qasıq yırtıqları nisbətən tez-tez rast gəlinir, bütün körpələrin təxminən 3-5%-də qasıq yırtığı görülür, vaxtından əvvəl doğulmuş körpələrdə daha çox rast gəlinir.
Uşaqlarda qasıq yırtığının inkişafı üçün risk faktorları varmı?
Risk faktorlarına vaxtından əvvəl doğuş, az çəki, ailədə yırtıqların olması və cinsiyyət(qızlara nisbətən oğlanlarda qasıq yırtığı daha çox olur) daxildir.
Qasıq yırtığının əlamətləri hansılardır?
Əsas əlamət qasıq nahiyəsində görünən qabarıqlıq, şişlikdir, uşaq ağlayanda, öskürəndə və ya gərginləşdikdə bu şişkinlik daha da qabarıqlaşa bilər. Şişkinliklə birlikdə ağrı və narahatlıq görülə bilər.
Qasıq yırtığın diaqnozu necə qoyulur?
Qasıq yırtığının diaqnozu adətən əl ilə fiziki müayinə ilə qoyulur. Şübhə halında ultrasəs müayinədən istifadə edilir.
Uşaqlarda qasıq yırtıqlarının müalicəsi nədir?
Qasıq yırtığının əsas müalicəsi cərrahidir. Bu, qasıq kanalındakı açıqlığın bağlanması və çıxan möhtəviyyatın yerinə qaytarılması əməliyyatıdır.
Qasıq yırtığı əməliyyatı necə aparılır?
Qasıq yırtığının düzəltmə əməliyyatı qasıq nahiyəsində 1.5- 2 cm ölçüsündə kiçik bir kəsik ilə vəya laparoskopik üsul ilə göbəkdən daxil edilən kamera vasitəsiylə icra edilir.
Uşaqlarda qasıq yırtığının əməliyyatsız müalicəsi varmı?
Qeyri-cərrahi müalicələr ümumiyyətlə qasıq yırtıqları üçün tövsiyə edilmir və əməliyyat olunmazsa, ciddi fəsadlara səbəb ola bilər.
Qasıq yırtığı əməliyyatının potensial fəsadları hansılardır?
Fəsadlar nisbətən nadirdir, lakin infeksiya, qanaxma, ətrafdakı strukturların zədələnməsi və yırtığın təkrarlanması ola bilər.
Uşaqlarda qasıq yırtığı əməliyyatının müvəffəqiyyət nisbəti necədir?
Uşaqlarda qasıq yırtığının düzəltmə əməliyyatə, yüksək müvəffəqiyyət dərəcəsinə malikdir, xəstələrin 95% -dən çoxunda əməliyyat uğurlu olur və yırtıq təkrarlanmır.
Uşağın qasıq yırtığı əməliyyatından sağalması nə qədər vaxt alır?
Uşaqların əksəriyyəti əməliyyatdan 2 saat sonra qidalanmağa başlayır, 1 həftə ərzində sağalır, yüngül ağrı və şişkinlik tədricən azalır. 2 gün ağızdan qəbul edilən sirop verilir, bəzi hallarda antibiotik təyin olunur.Öz-özünə əriyən estetik tikişlərdən istifafə edildiyi üçün tikişlər alınmır.
Qasıq yırtığının əməliyyatından sonra nəzarət lazımdırmı?
Əməliyyatdan 3 günü sonra və 1 ay sonra kontrol müayinəsi olunur.
Uşaqlarda qasıq yırtıqları əməliyyatdan sonra təkrarlana bilərmi?
Əməliyyatdan sonra qasıq təkrarlanma riski ümumiyyətlə aşağıdır, lakin uşaq uroloqu ilə müntəzəm təqib ziyarətləri hər hansı bir problemi erkən aşkar etməyə kömək edə bilər.
Uşağımda qasıq yırtığından şübhələnsəm nə etməliyəm?
Əgər uşağınızda qasıq yırtığından şübhələnirsinizsə, hərtərəfli müayinə və dəyərləndirmə üçün pediatr və ya uşaq uroloqunuzla məsləhətləşin. Erkən diaqnoz və müalicə fəsadların qarşısını almağa kömək edə bilər.
Referanslar
- European Association of Urology – Pediatric Urology Guidelines
- Uptodate – Inguinal Hernia in Children
Əlavə sualım varsa nə edə bilərəm?
Mənimlə əlaqə saxlaya bilərsiniz
Op.Dr.Pərviz Hacıyev
Uşaq Urologiyası Uzmanı