Uşaq urologiyasında yaş və müdaxilə vaxtı

Uşaq urologiyasında yalnız diaqnoz deyil, yaş da vacibdir.

Kriptorxizm (xayanın enməməsi)
Müayinə yaşı: doğuşdan dərhal sonra; xaya enməyibsə, 3–6 aylıqda təkrar müayinə edilir.
Əməliyyat vaxtı: 6–18 aylıq; müalicənin 18 aylığa qədər tamamlanması məqsədə uyğundur. Orxipeksiya 6 aylıqdan sonra nə qədər tez aparılsa, xayanın potensialının qorunması üçün şərait bir o qədər yaxşı olur.

Hipospadiya
Müayinə yaşı: doğuşdan dərhal sonra. Diaqnoz adətən yenidoğulmuşun ilkin müayinəsində qoyulur.
Əməliyyat vaxtı: adətən 6–18 ay aralığında icra edilir. Proksimal formalarda və mürəkkəb rekonstruksiya tələb edən hallarda taktika və vaxt fərqli ola bilər.

Hidrosele 
Müayinə yaşı: xayalığın böyüməsi aşkar edildikdə.
Əməliyyat vaxtı: müşahidə dövründən sonra da davam edirsə, artırsa və ya qasıq yırtığı/digər patologiya ilə birləşirsə. Əksər hallarda 24 aylığa qədər əməliyyat tələb olunmur. Yırtıq və ya xaya patologiyası şübhəsi varsa – daha erkən.

Fimoz
Müayinə yaşı: şikayət, iltihab, ağrı, sidik ifrazının çətinləşməsi və ya çapıqlı fimoz şübhəsi olduqda istənilən yaşda. Simptomsuz fizioloji fimoz adətən müalicə tələb etmir.
Əməliyyat vaxtı: sabit yaş həddi yoxdur. Patoloji fimozda əvvəlcə yerli kortikosteroid müalicəsi sınanır; əməliyyat çapıqlı fimoz, BXO və ya konservativ müalicənin nəticəsiz qaldığı hallarda lazım olur.

(BXO- balanitis xerotica obliterans . Sünnət dərisinin və cinsiyyət üzvünün başcığının xroniki iltihabi xəstəliyidir; çapıqlaşmaya və sünnət dərisinin daralmasına gətirib çıxarır. Uşaq urologiyasında patoloji  fimozun səbəblərindən biri sayılır.

Varikosele
Müayinə yaşı: ən çox yetkinlik dövrünün başlanğıcı ilə aktuallaşır ,  adətən 10–12 yaş və yuxarı; daha erkən aşkar edildikdə də müayinə və USM tələb olunur.
Əməliyyat vaxtı: yaşa və təkcə dərəcəyə görə deyil. Əsas göstəriş, zədələnmiş xayanın həcminin 2 ml-dən və ya 20%-dən çox davamlı azalmasıdır; bu, 6 ay aralıqla aparılan iki müayinə ilə təsdiqlənməlidir. Əlavə göstərişlər – ağrı, ikitərəfli klinik varikosele və fertilliyə təsir edən digər yanaşı xəstəliklər.

Hidronefroz / ləyən-sidik axarı birləşməsinin (UPJ) obstruksiyası
Müayinə yaşı: çox vaxt bətndaxili dövrdə aşkarlanır; doğuşdan sonra USM ilə nəzarət, göstəriş olduqda funksional qiymətləndirmə.
Əməliyyat vaxtı: yaşa və təkcə ləyənin ölçüsünə görə deyil. Göstərişlər : simptomlar, böyrək funksiyasının pisləşməsi, zədələnmiş böyrəyin funksiyasının 40%-dən aşağı olması, axının nəzərəçarpan pozulması və hidronefrozun proqressivləşməsi.

Vezikoureteral reflüks (sidik kisəsi–sidik axarı reflüksü)
Müayinə yaşı: qızdırmalı sidik yolu infeksiyası, aşkarlanmış böyrək patologiyası və ya USM-də reflüks şübhəsi olduqda. Körpələrdə çox vaxt infeksiya və ya prenatal patologiya ilə bağlı aparılan müayinədən sonra aşkarlanır.
Əməliyyat vaxtı:*sabit yaş həddi yoxdur. I–II dərəcəli reflüks çox vaxt öz-özünə keçir və adətən infeksiya ilə müşayiət olunmadan, böyrək zədələnməsinə səbəb olmadan gedir. Digər hallarda endoskopik korreksiya nəzərdən keçirilir. Davamlı IV–V dərəcəli reflüks, təkrarlanan qızdırmalı infeksiyalar, böyrək zədələnməsi və ya digər risk amilləri olduqda cərrahi korreksiya düşünülür.

Əsas qayda: uşaq urologiyasında diaqnozun özü və ya uşağın yaşı deyil, orqan üçün risk, funksiya və xəstəliyin dinamikası daha vacibdir.