Sünnət sonrası qulluq
Sünnət uşaqlarda ən çox icra olunan cərrahi prosedurlardan biridir. Əməliyyatın uğurlu olması ilə yanaşı, sünnətdən sonrakı düzgün qulluq sağalmanı sürətləndirir və fəsad riskini minimuma endirir. Bu yazıda valideynlərin ən çox verdiyi suallara aydın və praktik cavablar təqdim olunur.
İlk 24 saatda nələr normaldır?
Sünnətdən sonra aşağıdakı hallar normal və gözləniləndir:
-
Penis ucunda yüngül şişlik və qızartı
-
Az miqdarda qan ləkələnməsi
-
Sidik edərkən narahatlıq
-
Sarımtıl-ağ rəngli nazik qat (sağalma toxuması – infeksiya deyil)
Bu əlamətlər adətən 3–7 gün ərzində tədricən azalır.
Evdə gündəlik qulluq necə olmalıdır?
1. Təmizlik
-
İlk 48 saatdan sonra uşağı ilıq su ilə yüngül şəkildə yumaq olar
-
Sabun istifadəsi tövsiyə edilmir (xüsusilə ilk günlərdə)
-
Yuma sonrası bölgə sürtülmədən, yumşaq şəkildə qurudulmalıdır
2. Məlhəm istifadəsi
-
Həkim tövsiyə etməyibsə məlhəm və ya kremlərdən istifadə etməyə ehtiyac yoxdur
-
Bəzi hallarda bezli uşaqlarda tövsiyyə edilir, yaranın bezə yapışmasının qarşısını alır
3. Bez və geyim
-
Bez bir qədər boş bağlanmalıdır
-
Dar alt paltarlarından uzaq durmaq lazımdır
-
Sürtünməni artıran geyimlərdən çəkinin
Ağrı və narahatlıq olarsa nə etməli?
-
Yüngül ağrı və narahatlıq ilk 1–2 gün normaldır
-
Həkimin məsləhət gördüyü dozada ağrıkəsici verilə bilər
-
Özbaşına antibiotik və ya əlavə dərman istifadəsi məsləhət görülmür
Nə vaxt mütləq həkimə müraciət etməli?
Aşağıdakı hallarda gecikmədən həkimə müraciət edin:
-
Davamlı və ya artan qanaxma
-
Şişlik və qızartının getdikcə artması
-
Pis qoxulu axıntı
-
Yüksək hərarət
-
Uşağın ümumiyyətlə sidik edə bilməməsi
Sünnət yarası nə vaxt tam sağalır?
-
Əksər hallarda 7–10 gün ərzində
-
Bəzi uşaqlarda bu müddət 2 həftəyə qədər uzana bilər
-
Tam sağalmadan sonra normal gündəlik aktivliyə qayıtmaq mümkündür
Valideynlər üçün vacib xatırlatma
Sünnətdən sonra görülən əlamətlərin çoxu sağalma prosesinin bir hissəsidir. Düzgün qulluq və vaxtında nəzarət ilə fəsad riski son dərəcə aşağıdır. Şübhə yarandıqda isə mütləq mütəxəssisə müraciət etmək ən doğru yanaşmadır.
Dr.Pərviz Hacıyev
Uşaq Urologiyası Uzmanı
Əlavə suallarınız üçün: 0504443035
Sünnət əməliyyatdır, küçümsəməyin! Çünki bu əməliyyat geri dönüşü olmayan fəsadlara səbəb ola bilər! Uyğun yaş seçin və sünnət üçün professional mütəxəssislərə müraciət edin
Əlavə oxuyun:
- Sünnət
- Lazerlə sünnət
- Gömülən cinsiyət üzvündə sünnət
- Sünnət faydalıdır, amma…
- Sünnət dərisi darlığı – Fimoz, Parafimoz
- Cinsiyyət üzvü iltihabı – Balanopostit,
- Uşaqlarda və Yeniyetmələrdə Penisin Ölçüsü, və Mikropenis