Xaya ölçüsü: uşaqlarda xaya necə böyüyür və həcmi necə hesablanır

Xaya 10 yaşa qədər çox yavaş böyüyür, cinsi yetişkənlik dövründə isə sürətlə. Ona görə bir dəfə ölçülən rəqəmdən çox, ölçünün zamanla necə dəyişdiyi və sağ ilə sol xaya arasındakı fərq vacibdir.

Uşaqlarda yaşa görə orta xaya həcmi qrafiki: körpəlikdə 0,4 ml, 17 yaşda 13,5 ml

Xaya yaşla necə böyüyür?

Körpəlikdə xayanın həcmi yarım ml-ə yaxındır, 10 yaşa qədər çox az artır. Cinsi yetişkənlik başlayanda böyümə sürətlənir və 17–18 yaşda orta həcm 13 ml-dən çox olur. Qrafikdəki rəqəmlər 0–18 yaşlı 1664 sağlam oğlanda USM ilə ölçülmüş orta göstəricilərdir (Liu et al., 2021). Bunlar normanın sərhədi deyil.

USM-də xayanın uzunluq, en və qalınlıq ölçüləri və Lambert düsturu

Xayanın həcmi necə hesablanır?

USM rəyində xayanın üç ölçüsü yazılır: uzunluq, en və qalınlıq. Həcm Lambert düsturu ilə hesablanır:

Həcm = 0,71 × uzunluq × en × qalınlıq

Məsələn, ölçüləri 1,8 × 1,2 × 1,0 sm olan xayanın həcmi təxminən 1,5 ml-dir. Bəzi USM aparatları 0,52 əmsalı işlədir, bu zaman nəticə təxminən dörddə bir az çıxır. Ona görə ölçüləri müqayisə edərkən həmişə eyni düstur seçilir.

Varikoseledə xaya ölçüsünün niyə izləndiyi: üç səbəb

Xaya ölçüsü niyə izlənir?

Varikoseledə əsas sual sağ və sol xayanın bərabər böyüyüb-böyümədiyidir. Yeniyetmə varikoselesində iki xaya arasındakı həcm fərqi əməliyyat qərarına təsir edən göstəricilərdən biridir.

  • Sağ və sol xaya arasındakı fərqi görmək. Yeniyetmə varikoselesində həkimin izlədiyi əsas göstəricilərdən biridir.
  • Xayanın yaşa uyğun böyüməsini izləmək. Ölçmələr eyni üsulla, vaxtaşırı aparılır.
  • Kiçik xayada faizə ehtiyatla baxmaq. Bir neçə mm fərq böyük faiz kimi görünə bilər.

USM rəyindəki ölçüləri xaya ölçüsü kalkulyatoruna daxil edib həcmi və iki xaya arasındakı fərqi hesablaya bilərsiniz. Kalkulyator diaqnoz qoymur, nəticəni uşağınızın həkimi ilə müzakirə edin.

Mənbə: Liu C, Liu X, Zhang X, et al. Referential Values of Testicular Volume Measured by Ultrasonography in Normal Children and Adolescents: Z-Score Establishment. Front Pediatr. 2021;9:648711. doi:10.3389/fped.2021.648711