AAP 2025 UTD tövsiyələri: antenatal hidronefrozun izlənməsində nə dəyişdi
Amerika Pediatriya Akademiyası (AAP) 2025-ci ilin iyununda doğuşdan əvvəl aşkarlanan sidik yollarının genişlənməsi (urinary tract dilation, UTD) üzrə ilk rəsmi klinik hesabatını dərc etdi (Herndon et al., Pediatrics 2025). Təsnifat 2014-cü il UTD konsensusundan götürülüb. Yeni olan odur ki, hər risk qrupu üçün hansı müayinənin, nə vaxt və antibiotikin kimə lazım olduğu dəqiq yazılıb.
Antenatal hidronefrozu olan hər körpəyə antibiotik profilaktikası və VCUG təyin etmək artıq tövsiyə olunmur. Yüngül genişlənmədə (UTD P1) nə antibiotik, nə kontrast müayinə lazımdır; ağır genişlənmədə (UTD P3) isə hər ikisi göstərişdir. Orta qrup (UTD P2) üçün qərar sidik axarının genişlənməsinə və ailə ilə birgə müzakirəyə əsaslanır.
Aşağıda hesabatın gündəlik işdə lazım olan hissələrini pediatr, neonatoloq, uroloq və rezident həmkarlar üçün qısa şəkildə yazmışam. Antenatal hidronefrozun addım-addım izlənməsi üçün hazırlanmış tam tədris modulu usaqurologiyasi.com-da “Obstruktiv uropatiyalar” mövzusunda yerləşir; bu məqalə onun 2025 yeniləməsini şərh edir.
Terminologiya və təsnifat: “hidronefroz” yox, UTD
AAP “hidronefroz”, “pielektaziya”, “kalikoektaziya” terminlərinin əvəzinə bütün genişlənmə dərəcələri üçün vahid “UTD” terminini və 2014-cü il UTD təsnifatını tövsiyə edir. SFU dərəcələri hələ də ən çox işlənən postnatal sistemdir, lakin subyektivdir və ureter ilə sidik kisəsini nəzərə almır. Məqsəd ginekoloq, radioloq, pediatr və uroloqun eyni termindən istifadə etməsidir: rəydə “UTD P2” yazılması oxuyan həkimə dərhal risk qrupunu və növbəti addımı göstərir.
Təsnifat iki ölçüyə əsaslanır: böyrək ləyəninin ön-arxa diametri (APD) və əlavə əlamətlər (kasacıqların genişlənməsi, parenximanın nazilməsi və ya exogenliyinin artması, sidik axarının genişlənməsi, sidik kisəsinin patologiyası, oliqohidramnion).
| Qrup | APD | Əlavə əlamətlər |
|---|---|---|
| UTD A1 (aşağı risk) | 4 – <7 mm (<28 həftə) və ya 7 – <10 mm (≥28 həftə) | Yalnız mərkəzi kasacıqların genişlənməsi mümkündür |
| UTD A2-3 (yüksək risk) | ≥7 mm (<28 həftə) və ya ≥10 mm (≥28 həftə) | və ya mərkəzi kasacıqlar istisna olmaqla istənilən anormal parametr: periferik kasacıqlar, parenxima, ureter, sidik kisəsi, oliqohidramnion |
| UTD P1 (aşağı risk) | 10 – <15 mm | və ya yalnız mərkəzi kasacıqların genişlənməsi |
| UTD P2 (orta risk) | ≥15 mm | və ya periferik kasacıqların genişlənməsi, və ya ureter genişlənməsi |
| UTD P3 (yüksək risk) | P2 əlamətləri | üstəgəl parenximanın qalınlığı və ya görünüşü anormal, sidik kisəsi və ya uretra anormal |
Təsnifat həmişə ən narahatedici əlamətə görə qoyulur: APD P1 hüdudundadırsa, amma periferik kasacıqlar genişlənibsə, bu artıq P2-dir; parenxima dəyişikliyi APD-dən asılı olmayaraq P3 deməkdir. Doğuşdan sonrakı normal hədd (APD <10 mm) antenatal həddən yüksəkdir, çünki ləyənin müəyyən qədər genişlənməsi fizioloji sayılır.
Antenatal izləmə də qrupa bağlanır. A1 qrupu 32 həftədən əvvəl aşkarlanıbsa, 32 həftədən sonra bir dəfə təkrar USM kifayətdir; A2-3 qrupunda doğuşa qədər hər 4 həftədən bir USM və uroloq və ya nefroloqla antenatal konsultasiya tövsiyə olunur. Yenilik: 32 həftədən sonra USM-də tamamilə keçmiş A1 genişlənməsi doğuşdan sonra heç bir müayinə tələb etmir. APD 4-8 mm olan ikinci trimestr genişlənmələrinin təxminən 80%-i hamiləlik dövründə özü keçir.
Rəydəki APD rəqəmini hamiləlik həftəsinə və yaşa görə yoxlamaq üçün UTD kalkulyatorundan istifadə etmək olar.
Doğuşdan sonra ilk USM: 48 saatdan tez olmasın
İlk postnatal USM həyatın ilk 48 saatından sonra aparılmalıdır. Yenidoğulmuşda fizioloji “üçüncü boşluğa” maye keçidi 7-10-cu günə qədər tam geri dönmür, ona görə ilk 48 saatda aparılan müayinə genişlənməni kiçik göstərə bilər. Qarın üstə uzanmış vəziyyətdə çəkiliş isə xəstələrin 10%-ə qədərində genişlənməni böyük göstərir; ilk müayinədə bu nəzərə alınmalıdır.
Vaxt antenatal qrupa görə seçilir. A1 qrupunda USM 48 saatlıqdan 6 həftəliyə qədər istənilən vaxt aparıla bilər, körpənin evə yazılması gecikdirilmir; müayinə ya doğum evində, ya da pediatrın ilk qəbulunda təyin olunur ki, 4-6 həftəliyə qədər çəkilsin. A2-3 qrupunda USM doğum evində, ideal halda 48 saatdan sonra çəkilir, çünki nəticə profilaktika və əlavə müayinə qərarını müəyyən edir.
İki istisna var:
- Sidik kisəsi çıxışının obstruksiyasına şübhə (oğlan uşağında ikitərəfli hidroureteronefroz, qalın divarlı sidik kisəsi, “açar dəliyi” əlaməti, oliqohidramnion). Bu körpələrdə USM və VCUG doğum evindən çıxmadan, gecikmədən aparılır, çünki arxa uretral klapanda sidik yollarının dekompressiyası təcili ola bilər. Körpənin sidiyə getdiyini görmək obstruksiyanı istisna etmir.
- Tək işləyən böyrəkdə UTD və ya ağır ikitərəfli UTD. Bu hallar sənədin əsas alqoritminə daxil deyil və ayrıca bölmədə nəzərdən keçirilir.
İlk postnatal USM normaldırsa, bu hələ izləmənin sonu deyil. Postnatal müayinəyə göstərişi olan hər körpədə izləməni dayandırmazdan əvvəl ən azı iki USM aparılmalıdır: ilk müayinədə genişlənmə görünmürsə, 3-6 ay sonra təkrar çəkilir. Bir tədqiqatda antenatal UTD olan uşaqların 21-28%-ində ilk postnatal USM normal çıxmış, onların 45%-ində isə növbəti USM yenidən anormal olmuşdur.
Risk qrupuna görə izləmə: P1, P2, P3
Cədvəl AAP hesabatındakı 6-cı şəkil əsasında hazırlanıb. 2014 konsensusu orta qrup üçün çox şeyi “həkimin mülahizəsinə” buraxırdı; 2025 hesabatı həmin boşluğu doldurur və ureter genişlənməsini ayrıca sətir kimi çıxarır.
| Keçib (ilk USM normal) | UTD P1 | UTD P2 | UTD P2 + ureter ≥7 mm | UTD P3 | |
|---|---|---|---|---|---|
| Təkrar USM | 3-9 aylıqda | 3-6 aylıqda | 1-3 aylıqda | 1-3 aylıqda | 1 aylıqda |
| Antibiotik profilaktikası | Yox | Yox | Ailə ilə birgə qərar | Tövsiyə edilir | Tövsiyə edilir |
| VCUG / ceVUS | Yox | Yox | Ailə ilə birgə qərar | 1-3 aylıqda tövsiyə edilir | 1-3 aylıqda tövsiyə edilir |
| MAG3 / funksional MRU | Yox | Yox | Birgə qərar, 6 həftəlikdən sonra | Birgə qərar, 6 həftəlikdən sonra | Tövsiyə edilir, 6 həftəlikdən sonra |
| Uroloq / nefroloq | Yox | Ambulator (həkimin qərarına görə) | Stasionar konsultasiya və ya təcili ambulator göndəriş | Eyni | Eyni |
P1 qrupu antenatal UTD-nin böyük əksəriyyətini təşkil edir. İki böyük prospektiv müşahidə tədqiqatına görə P1 genişlənmələrinin 90%-i 4 yaşa qədər özü keçir, ciddi obstruktiv uropatiya riski isə 1%-dən azdır. Bu körpələrə VCUG, profilaktika və sintiqrafiya təyin etmək artıq müdaxilədir; funksional görüntüləmə yalnız genişlənmə dinamikada artarsa lazım olur. Genişlənmənin dərəcəsi reflyuksun olub-olmamasını proqnozlaşdırmır, ona görə VCUG qərarını UTD dərəcəsi yox, infeksiya riski verməlidir.
P2 qrupunda qərarı sidik axarı verir. Hesabat ureter diametrinin ≥7 mm olmasını müstəqil infeksiya riski kimi ayırır: bu körpələrə profilaktika və VCUG göstərişdir. Ureter genişlənməyibsə (sidik axarı genişlənmədən yalnız ləyən və kasacıqlar genişlənibsə; çox güman ki, ureteropelvik darlıq), antibiotik profilaktikasından imtina etmək məqbuldur, lakin qərar ailə ilə müzakirə edilməli və qızdırma zamanı sidik analizi barədə təlimat verilməlidir.
P3 qrupunda yanaşma 2014-dən bəri dəyişməyib, sadəcə vaxt çərçivəsi dəqiqləşib: təkrar USM 1 aylıqda, VCUG və ya ceVUS 1-3 aylıqda (sidik kisəsi çıxışının obstruksiyasına şübhə yoxdursa, doğum evində də ola bilər), funksional görüntüləmə 6-12 həftəlikdə. Sorğulara görə uşaq uroloqlarının 85-88%-i artıq bu cür işləyirdi; P2 qrupunda isə rəqəm 26-57% arasında dəyişirdi, yəni dəqiq tövsiyəyə məhz P2 üçün ehtiyac var idi.

Antibiotik profilaktikası: kimə, nə qədər, nə vaxt dayandırmalı
Profilaktika ilə bağlı dəlillər ziddiyyətlidir. SFU-nun 801 uşağı əhatə edən prospektiv müşahidə tədqiqatında başqa anomaliyası olmayan hidronefrozda qızdırmalı infeksiya tezliyi cəmi 4.2% olmuşdur (yüksək dərəcədə 6.0%, aşağı dərəcədə 3.2%). Braga et al. (2013) meta-analizində profilaktika yalnız yüksək dərəcəli UTD-də fayda vermişdir (NNT = 7), aşağı dərəcədə isə heç bir fərq olmamışdır; Easterbrook et al. (2017) isə ümumiyyətlə fərq tapmamışdır (profilaktika ilə 9.9%, onsuz 7.5%). Eyni tədqiqatın məlumatlarına əsasən Holzman et al. (2021) ureteri ≥7 mm olan uşaqlarda profilaktikanın faydasını göstərmiş, Chamberlin et al. (2022) isə başqa anomaliyası olmayan UPJ tipli hidronefrozda heç bir fayda tapmamışdır. Əvəzində profilaktika çoxdərmana davamlı infeksiya riskini 6.5-9 dəfə artırır.
İnfeksiya riskini artıran amillər (AAP, Cədvəl 3A): qız cinsi, sünnət olunmamış oğlan (P2-P3), UTD P3, distal ureter ≥7 mm, vezikoureteral reflyuks, obstruktiv uropatiya. Doğuşdan məlum olan uropatiyalar (UPJ obstruksiyası, arxa uretral klapan, ektopik ureter, ikili sistem, tək böyrək, multikistoz böyrək, neyrogen sidik kisəsi və s.) ayrıca yüksək risk qrupu sayılır.
Buna görə tövsiyələr risk qrupuna bağlanır:
- UTD P1: profilaktika yoxdur. Valideynlərə qızdırma zamanı sidik analizinin vacibliyi izah edilir.
- UTD P2: ureter ≥7 mm olduqda profilaktika başlanır. Ureter genişlənməyibsə, qərar ailə ilə birlikdə verilir; qız cinsi, sünnət olunmamış oğlan və ikitərəfli proses riski artıran amillər kimi nəzərə alınır.
- UTD P3: profilaktika standart olaraq başlanır.
Profilaktikanın dayandırılması üçün ilk dəfə konkret meyar verilib: 12 aylıqda profilaktikanın dayandırılması nəzərdən keçirilməlidir, əgər uşaqda vezikoureteral reflyuks və ya davam edən ureter genişlənməsi (≥7 mm) yoxdursa. Səbəbi: SFU kohortunda infeksiyaların 89%-i həyatın ilk ilində baş vermişdir. Oğlanlarda sünnət bəzi tədqiqatlarda profilaktikaya bərabər qoruyucu alternativ kimi göstərilib.
Preparat seçimi: yenidoğulmuşda ABŞ-da ilk seçim amoksisillindir; 2 aylıqdan sonra sidikdə yüksək konsentrasiya yaradan və daha az rezistentlik törədən trimetoprim-sulfametoksazola keçilir (2 aya qədər bilirubini albumindən sıxışdırıb kernikterus riski yaradır). Nitrofurantoin eyni dərəcədə effektivdir və toxumalara zəif keçdiyi üçün bağırsaq mikrobiotasına az təsir edir. Sefalosporin seçilirsə, rezistentliyin aşağı olduğu birinci nəsil üstünlük təşkil edir. Yerli antibiotikoqram nəzərə alınmalıdır.
Profilaktika alıb-almamasından asılı olmayaraq: UTD olan uşaqda qızdırma, xüsusən aşağı sidik yolları hələ görüntülənməyibsə, həmişə sidik yolu infeksiyasının istisna edilməsini tələb edir.
VCUG, ceVUS və renal sintiqrafiya: kimə lazımdır
VCUG artıq rutin müayinə deyil. Göstərişlər: UTD P3, UTD P2 ilə ureter ≥7 mm, sidik kisəsi çıxışının obstruksiyasına şübhə və UTD olan uşaqda qızdırmalı sidik yolu infeksiyası. Reflyuks antenatal UTD olan uşaqların 15%-ə qədərində tapılır, lakin genişlənmənin dərəcəsi ilə zəif korrelyasiya edir, normal postnatal USM onu istisna etmir, antenatal aşkarlanmış reflyuks isə yüksək tezliklə özü keçir. Buna görə asimptomatik körpədə UTD-nin özü VCUG üçün göstəriş sayılmır; qərar infeksiya riskinə (cins, sünnət, ureter) əsaslanır.
Hesabat kontrastlı ultrasəs sistoqrafiyasını (ceVUS) VCUG-a bərabər alternativ kimi tanıyır. ceVUS şüasız aparılır, reflyuksu aşkarlamaqda VCUG-dan daha həssasdır və xəstələrin çoxunda daha yüksək dərəcə göstərir; uretra suprapubik və ya transperineal çəkilişlə qiymətləndirilir. Məhdudiyyəti avadanlıq və təcrübənin hər yerdə olmamasıdır. Arxa uretral klapana şübhə olan oğlan uşağında praktikada fluoroskopik VCUG seçim olaraq qalır.
Renal sintiqrafiya (MAG3 diuretik renoqrafiya) P3 qrupunda genişlənmə davam etdikdə 6-12 həftəlikdə aparılır; P2 qrupunda ailə ilə birgə qərarla, 6 həftəlikdən tez olmamaqla. Daha erkən müayinə etibarsızdır: böyrəyin yetişməməsi MAG3-ün zəif tutulmasına və yavaş kortikal keçidə səbəb olur, nəticə funksiyanı həm artıq, həm də az göstərə bilər. Müayinə iki parametr verir: diferensial funksiya (norma 42-58%, 40%-dən aşağı düşmə əməliyyat üçün hədd sayılır) və furosemiddən (1 mg/kq, maksimum 40 mq) sonra drenaj. Postnatal APD ≥15 mm UPJ obstruksiyasında əməliyyat ehtiyacını proqnozlaşdıran hədd kimi göstərilir, lakin UPJ tipli UTD-nin əksəriyyəti seriyalı USM ilə müşahidə oluna bilər. Funksional MR uroqrafiya eyni suallara cavab verir və şüasızdır, lakin sedasiya tələb edir və bahadır.
Alqoritmə daxil olmayan hallar
AAP açıq şəkildə qeyd edir ki, üç risk qrupu üzrə alqoritm birtərəfli və ya yüngül-orta ikitərəfli UTD üçündür. Dörd vəziyyət ayrıca yanaşma tələb edir:
- Ağır ikitərəfli UTD. Sidik kisəsi çıxışının obstruksiyasına şübhə varsa, ideal halda həyatın ilk 48 saatı ərzində uroloq və nefroloq konsultasiyası, sidik kisəsinin dekompressiyası, görüntüləmə və profilaktika aparılır, kreatinin dinamikada izlənir. Yenidoğulmuşun ilk günlərdəki kreatinini ananınkını əks etdirir, bu nəzərə alınmalıdır.
- Tək işləyən böyrəkdə UTD (anadangəlmə tək böyrək, multikistoz displastik böyrək, kontralateral böyrəyin aplaziyası). Funksional ehtiyat olmadığından hətta P1-P2 dərəcəsi daha sıx izlənir və uroloq-nefroloq birgə baxır.
- Arxa uretral klapana şübhə. Yuxarıda deyildiyi kimi, bu, gözləmə qaydasının tətbiq olunmadığı yeganə təcili vəziyyətdir: USM və VCUG doğum evində, dekompressiya və uroloq konsultasiyası gecikmədən.
- Qızdırmalı infeksiya. İzləmənin hansı mərhələsində olmasından asılı olmayaraq UTD olan uşaqda qızdırma kateterlə və ya suprapubik yolla alınmış sidiyin əkilməsini tələb edir. Təsdiqlənmiş infeksiya izləməni avtomatik olaraq bir pillə yuxarı keçirir: VCUG və profilaktika məsələsi yenidən baxılır.
Hesabat qərarın ailə ilə birlikdə verilməsini tövsiyə edir: profilaktikanın faydası, əlavə təsirləri və müşahidə variantı valideynlərə izah olunmalıdır.
2014 konsensusu ilə müqayisə: nə dəyişdi
Təsnifat eyni qalıb, dəyişən hər qrupda nə edildiyidir.
| Məsələ | UTD konsensusu, 2014 | AAP klinik hesabatı, 2025 |
|---|---|---|
| Sənədin statusu | 8 cəmiyyətin təsnifat və idarəetmə sxemi (ekspert razılığı) | Dəlillərə əsaslanan rəsmi klinik hesabat, 18 əsas tövsiyə |
| Hamiləlikdə keçmiş A1 | Postnatal USM tövsiyə olunurdu | 32 həftədən sonra keçibsə, postnatal müayinə lazım deyil |
| A1 üçün ilk postnatal USM | 48 saatdan sonra | 48 saatlıqdan 6 həftəliyə qədər; evə yazılma gecikdirilmir |
| P1: təkrar USM | 1-6 ay sonra | 3-6 aylıqda |
| P1: profilaktika, VCUG, sintiqrafiya | Tövsiyə edilmir | Tövsiyə edilmir (dəyişməyib) |
| P2: profilaktika və VCUG | Həkimin mülahizəsinə buraxılır | Ailə ilə birgə qərar; ureter ≥7 mm olduqda hər ikisi tövsiyə edilir |
| P3: profilaktika, VCUG, sintiqrafiya | Hər üçü tövsiyə edilir | Hər üçü tövsiyə edilir; vaxt dəqiqləşib: USM 1 aylıqda, VCUG 1-3 aylıqda, MAG3 6-12 həftəlikdə |
| Ureter genişlənməsi | Yalnız təsnifat əlaməti | Müstəqil infeksiya riski; 7 mm həddi qərarı müəyyən edir |
| Profilaktikanın müddəti | Göstərilməyib | 12 aylıqda dayandırmaq nəzərdən keçirilir (reflyuks və ureter ≥7 mm yoxdursa) |
| ceVUS | Qeyd olunmur | VCUG-a bərabər alternativ |
| Ailə ilə birgə qərar | Qeyd olunmur | Orta qrupda əsas prinsip |
| İzləmənin dayandırılması | Göstərilməyib | Ən azı 2 postnatal USM; ilk USM normaldırsa, 3-6 ay sonra təkrar |
| Ağır ikitərəfli UTD, tək böyrək | Ayrıca baxılmır | Ayrıca bölmə: 48 saat ərzində uroloq-nefroloq, dekompressiya, profilaktika |
Yüngül və orta qruplarda müayinə və antibiotik azalır, ağır qrupda isə müayinələrin vaxtı dəqiqləşir. Avropa tövsiyələri (EAU/ESPU) ilə ziddiyyət yoxdur: ESPU-nun 2017 sistematik icmalı da rutin profilaktikanı dəstəkləmir və faydanı sünnət olunmamış oğlanlar, hidroureteronefroz və yüksək dərəcəli UTD ilə məhdudlaşdırır.
Azərbaycan praktikası üçün nəticələr
Öz praktikamızda üç məsələyə diqqət etmək lazımdır.
USM rəyləri. Radioloqlarla razılaşıb rəydə APD-ni millimetrlə, kasacıqların vəziyyətini, parenximanı, ureteri və sidik kisəsini ayrıca qeyd etmək, nəticədə isə UTD dərəcəsini yazmaq kifayətdir ki, pediatr növbəti addımı özü müəyyən edə bilsin. “Pielektaziya” və ya “hidronefroz 1-2-ci dərəcə” yazılanda növbəti addımı müəyyən etmək olmur.
P1 qrupunda antibiotik və VCUG. Bu körpələrin sayı çoxdur və hazırda bir çoxuna aylarla profilaktika verilir. Bu uşaqlara profilaktika əvəzinə valideynlərə izah etmək kifayətdir: qızdırma olarsa, sidik analizi verilməlidir.
7 mm və 12 ay. Ureter diametrinin ölçülməsi USM protokoluna daxil edilməlidir, çünki məhz bu rəqəm P2 qrupunda profilaktika və VCUG qərarını verir. Profilaktikada olan hər uşaqda bir yaş tamam olanda dayandırma məsələsinə baxılmalıdır.
Antenatal hidronefrozu olan körpənin izlənməsi, arxa uretral klapanın erkən tanınması və uşaq uroloquna göndəriş meyarları usaqurologiyasi.com-dakı “Obstruktiv uropatiyalar” tədris modulunda 15 addımda izah olunub və 2025 tövsiyələrinə uyğun yenilənib. Valideynlər üçün yazılmış izahı isə hidronefroz səhifəsində tapmaq olar.
Dr. Pərviz Hacıyev
uşaq urologiyası uzmanı (FEAPU).
Uşaq Urologiyası Mərkəzi, Bakı.
Ədəbiyyat
- Herndon CDA, Otero HJ, Hains DS, et al.; AAP Section on Urology, Section on Nephrology, Section on Radiology, Section on Hospital Medicine. Perinatal urinary tract dilation: recommendations on pre-/postnatal imaging, prophylactic antibiotics, and follow-up. Clinical report. Pediatrics. 2025;156(1):e2025071814. doi:10.1542/peds.2025-071814
- Nguyen HT, Benson CB, Bromley B, et al. Multidisciplinary consensus on the classification of prenatal and postnatal urinary tract dilation (UTD classification system). J Pediatr Urol. 2014;10(6):982-998. doi:10.1016/j.jpurol.2014.10.002
- Nguyen HT, Phelps A, Coley B, et al. 2021 update on the urinary tract dilation (UTD) classification system: clarifications, review of the literature, and practical suggestions. Pediatr Radiol. 2022;52(4):740-751. doi:10.1007/s00247-021-05263-w
- Silay MS, Undre S, Nambiar AK, et al. Role of antibiotic prophylaxis in antenatal hydronephrosis: a systematic review from the EAU/ESPU Guidelines Panel. J Pediatr Urol. 2017;13(3):306-315. doi:10.1016/j.jpurol.2017.02.023
- Morello W, Baskin E, Jankauskiene A, et al.; PREDICT Study Group. Antibiotic prophylaxis in infants with grade III, IV, or V vesicoureteral reflux. N Engl J Med. 2023;389(11):987-997. doi:10.1056/NEJMoa2300161
- Betcherman L, Prasad C, Harding M, et al.; Canadian Paediatric Society. Management of antenatal urinary tract dilation: a clinical practice point for neonatal care providers. Paediatr Child Health. 2026;31(4):409-413. doi:10.1093/pch/pxag007