Distal Hipospadiya əməliyyatını necə icra edirik

Hipospadiya nədir?

Hipospadiya oğlan uşaqlarında rast gəlinən anadangəlmə sidik kanalının (uretra) xarici dəliyinin penisin ucuna deyil, onun aşağı səthinə açılması ilə olun inkişaf qüsurudur. Qüsur əsasən dölün ana bətnində inkişafı zamanı uretranın tam formalaşmaması nəticəsində yaranır. Bu vəziyyət penisin başından (distal hipospadiya) tutmuş daha aşağı hissələrinə (proksimal hipospadiya) qədər dəyişə bilər. Hipospadiya hər 200-300 oğlan uşağından birində rast gəlinir və adətən doğuşdan dərhal sonra diaqnoz qoyulur.

Hipospadiyanın müxtəlif dərəcələri mövcuddur:

  • Distal (qlanulyar, subkoronal): Penisin başına (qlansa) yaxındır.
  • Mid-penil: Penisin orta hissəsinə doğru.
  • Proksimal (penoskrotal, skrotal və ya perineal): Penisin kökünə daha yaxın sahədə.

Bəzi hallarda hipospadiya ilə yanaşı penisdə ventral əyrilik (chordee) də ola bilər. Bu, penisin istiqamətini aşağıya doğru əyilməsinə səbəb olur.

Hansı hallarda əməliyyat icra olunur?

Hipospadiya əməliyyatı, uşağın sidikaxarici kanalını anatomik olaraq bərpa etmək və sidik ifrazının normal funksiyasını təmin etmək üçün aparılır.

Hipospadiya hər zaman cərrahi müdaxilə tələb etməsə də, aşağıdakı hallarda əməliyyat zəruri hesab olunur:

  • Funksional Problemlər: Sidik axınının düzgün istiqamətlənməməsi (məsələn, aşağıya doğru yönəlməsi) və ya sidik ifrazında çətinlik.
  • Kosmetik Görünüş: Penis görünüşünün normal olmaması, bu da uşağın psixoloji inkişafına təsir edə bilər.
  • Cinsi Funksiya: Yetkinlik dövründə cinsi əlaqə və ya reproduktiv funksiyalara potensial təsir.
  • Əyrilik (Chordee): Penis əyriliyinin 30°-dən çox olması funksional və kosmetik problemlər yarada bilər.

Əməliyyatın əsas məqsədləri:

  1. Sidik kanalını normal penil uc mövqeyinə gətirmək
  2. Penisin əyriliyini aradan qaldırmaq (əgər varsa).
  3. Əsasən cinsiyyət yetkinliyində, gələcəkdə cinsi funksiya və estetik görünüşü yaxşılaşdırmaq (yəni xarici görünüşün mümkün qədər “normal” olması).

Əməliyyat adətən 6-18 ay yaş arasında icra edilir; bu müddətdə uşağın toxumaları daha sürətlə sağalır, psixoloji olaraq da daha rahat adaptasiya edilir. Hipospadiyanın dərəcəsindən asılı olaraq əməliyyat bir və ya iki mərhələdə aparıla bilər.

Hansı Texnikalar Mövcuddur?

Hipospadiyanın cərrahi düzəlişi üçün 300`dən çox texnika mövcuddur və seçim hipospadiyanın yerindən (distal və ya proksimal), əyrilikdən və cərrahın təcrübəsindən asılıdır. Əsas texnikalar tək və ikimərhələli olaraq aşağıdakılardır:

  1. Thiersch-Duplay
    • Normaya yaxın boru şəklində sidik kanalı yaratmaq və uc hissəyə (qlansa) gətirmək.
    • Ventral dəri yaxud mövcud açıq pleyt, incə kənar tikişlərlə əhatə olunaraq boru şəklində bərpa edilir.
    • Bu metod, müasir “tubularized incised plate” yanaşmasının sələfi kimi dəyərləndirilir; buna baxmayaraq, Thiersch-Duplay üsulu bəzi hallarda daha sadə distal hipospadiya növlərində hələ də istifadə oluna bilər.
  2. Təkmərhələli “Snodgrass” və ya “Tibularized Incised Plate Urethroplasty” (TIPU)
    • Son illərdə ən geniş yayılmış texnikalardan biridir. Distal və bəzi orta hipospadiya hallarında uğurlu nəticələr verir.
    • Bu üsulda uretral pleyt (lövhə, penisin ventral səthindəki toxuma zolağı) kənarlardan uzadılaraq boru halına salınır. Ortadan boylama kəsik aparılaraq lövhəyə genişlənməyə imkan verilir. Sonra həmin kəsiyə uyğun şəkildə tikişlər qoyulur və yeni sidik kanalı formalaşdırılır.
  3. Təkmərhələli “Dorsal Inlay Graft” (DIGU) yaxud “Snodgraft”
    • Standard TIPU əməliyyatının modifikasiyası kimi qəbul edilir.
    • Əsas fərq ondan ibarətdir ki, uretral lövhənin ortadan kəsilib genişləndirildiyi o hissəyə daxili pülük dərisi (preputial), yaxud buccal/lingual selikli qişa kimi graft gətirilərək tikilir. Məqsəd, tikilən yamanın köməyilə yeni sidik kanalının (neouretra) diametrini daha sabit saxlamaq və daralma riskini azaltmaqdır.
  4. Onlay və ya “Onlay flap/graft” üsulları
    • Uretral pleyt çox dar olduqda və ya əlavə toxumaya ehtiyac yarandıqda tətbiq oluna bilər.
    • Əlavə toxuma (məsələn, buccal mukozadan) ventral səthə “onlay” üsulu ilə tikilir.
  5. İkimərhələli bərpa
    • Daha mürəkkəb, proksimal hipospadiya və ya ciddi əyrilik hallarında istifadə edilir.
    • Birinci mərhələdə penis düzəldilir, toxumalar hazırlanır, ikinci mərhələdə isə uretra (sidik kanalı) formalaşdırılır.

Qeyd edək ki, bu metodların hamısında əsas məqsəd sidik kanalının ucunu qlansın (penisin uc hissəsinin) təbii anatomik yerinə yaxın vəziyyətə gətirmək, mümkün qədər daha az ağırlaşma və yaxşı funksional/kosmetik nəticə əldə etməkdir.

Cərrahi texnikalarda yeniliklər nələrdir?

“Journal of Pediatric Urology” jurnalında 2021-ci ildə dərc olunan “Are there any benefits of using an inlay graft in the treatment of primary hypospadias in children?” adlı sistematik icmal və meta-analizdə DIGU ilə TIPU müqayisə edilib. Araşdırma 1753 uşağı əhatə edən 14 tədqiqata (3 RCT, 5 NRS, 6 keys seriyası) əsaslanır və distal hipospadiyada DIGU-nun üstünlüklərini vurğulayır:

Son zamanlar “dorsal inlay graft” (DIGU), bəzən də “Snodgraft” adlandırılan üsul, xüsusilə distal və bəzi orta hipospadiya hallarında yeni-uretra yaranmasının stabil qalmasına kömək etdiyi üçün diqqət çəkir. Məqalədə aparılan genişmiqyaslı sistematik icmal və meta-analizdə aşağıdakılar müşahidə olunmuşdur:

Meatal və ya uretral stenoz riskinin azalması

Bu texnikada uretral lövhənin ortasındakı kəsiyi tamamilə açıq buraxmaq əvəzinə, həmin kəsik hissəyə preputial (daxili pülük) və ya digər növ graft (məsələn, ağız selikli qişası) tikilir. DIGU stenoza dərəcəsini (0-18%) TIPU (3-100%) ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldır. Distal hipospadiya hallarında bu fərq statistik olaraq əhəmiyyətlidir (p=0.04). Bu, uretranın daralmasının qarşısını almaq üçün qreftin əlavə sahə təmin etməsi ilə izah olunur.

Fistula, qlans dehisensiyası kimi ağırlaşmaların göstəriciləri TIPU ilə bənzər səviyyədədir

Uğur dərəcəsi (DIGU: 48-96%, TIPU: 43-96%), fistula (0-46% vs. 0-45%), qlans dehisensiyası (0-7% vs. 0-5%) və kosmetik nəticələr (0-10% vs. 0-7% ) baxımından DIGU ilə TIPU arasında əhəmiyyətli fərq yoxdur. Bu, DIGU-nun yalnız stenoza baxımından üstün olduğunu göstərir.

Nəticə olaraq: Nəticə etibarilə, hipospadiya cərrahiyyəsində məqsəd pasiyentin həm funksional, həm də kosmetik tələblərini ödəyən, uzunmüddətli etibarlı nəticə verməkdir. Mövcud texnikalar arasında DIGU, xüsusilə distal hipospadiyada meatal/neouretral darlıq (stenoz) riskini azaltmaqla TIPU nəzərən üstündür. Biz, cərrahlar bu nəticələri nəzərə alaraq vəziyyətə uyğun texnika seçirik. Hər xəstəyə fərdi yanaşırıq.

`Dorsal Inlay Graft` texnikasını necə icra etdiyimizi telegram və youtube kanalından baxa bilərsiniz

Burda yazılanlar Avropa Uşaq Urologiyası Cəmiyyətinin rəhbərliklərinə və icmal məqaləyə əsasən yazılıb