Uşaq urologiyasını haradan öyrənməli? Rezidentlər üçün 12 onlayn resurs
Növbədə qəfil xaya ağrısı olan uşaq, qəbulda hidronefrozdan narahat valideyn, vizitdə enməmiş xaya ilə bağlı sual. Belə anlarda mövzunu tez xatırlamaq və etibarlı mənbəyə baxmaq lazım olur.
Onlayn material çoxdur, amma dərslik, klinik tövsiyə, video mühazirə və qısa kurs fərqli işə yarayır. Aşağıda urologiya, uşaq cərrahiyyəsi və pediatriya rezidentləri üçün dörd dildə on iki resurs topladım, harada nəyə baxmağı da qısa yazdım. Siyahıda öz hazırladığım usaqurologiyasi.com kursları da var.
1. EAU Guidelines və EAU Education
EAU-nun uşaq urologiyası tövsiyələri gündəlik suallar üçün əsas mənbədir: fimoz, kriptorxizm, hipospadiya, hidronefroz, sidik yolu infeksiyası, enurez və digər mövzular ayrıca bölmələrdədir. Qısa Pocket Guidelines versiyası da var.
Ən faydalı üsul: xəstəni gördükdən sonra həmin mövzunun diaqnostika və müalicə bölməsini oxuyun, sonra tövsiyənin hansı sübuta əsaslandığına baxın. Belə olanda nə etməli olduğunuzla yanaşı niyəsini də öyrənirsiniz.
EAU Education isə elektron kurslar, vebinarlar və podkastlar təqdim edir. Giriş şərtləri kursdan kursa dəyişir.
2. ESPU Web-book və ESPU-Learn
Avropa Uşaq Urologiyası Cəmiyyətinin ESPU Web-book resursu mövzunu kitab kimi ardıcıl oxumaq istəyənlər üçündür; son versiya 30 fəsildən ibarətdir. ESPU-Learn kursları, vebinarları və ekspert müzakirələrini bir yerdə toplayır. Hər ikisi ESPU üzvləri üçündür.
3. AUA Core Curriculum
Amerika Uroloji Assosiasiyasının Core Curriculum proqramında ayrıca uşaq urologiyası bölməsi var: hidronefroz, hipospadiya, enməmiş xaya, reflyuks, neyrogen sidik kisəsi, daş xəstəliyi. Rotasiya və ya imtahan üçün həftəlik oxu planı qurmağa yarayır, məsələn bir həftə xayalıq, növbəti həftə yuxarı sidik yolları. Üzvlük tələb edir. Baza biliyi üçün AUA-nın açıq Medical Student Curriculum bölməsi də var.
4. ERN eUROGEN
ERN eUROGEN nadir urogenital xəstəliklər üzrə Avropa referens şəbəkəsidir: ekstrofiya, cinsi inkişaf pozuntuları, arxa uretral klapan, mürəkkəb anadangəlmə anomaliyalar. Klinikada nadir hal gördükdən sonra vebinar arxivinə baxmaq faydalıdır.
5. PedsUroFLO
PedsUroFLO (Pediatric Urology Fellowship Lectures Online) UCSF-nin uşaq urologiyası üzrə mühazirə seriyasıdır. Canlı dərslər 2021-dən dayandırılıb, ona görə bunu arxiv kimi istifadə edin və köhnə mühazirədəki yanaşmanı cari tövsiyələrlə tutuşdurun.
6. BJUI Knowledge
BJUI Knowledge urologiya üzrə elektron təhsil platformasıdır. Paediatric Urology bölməsində hematuriya, ikili toplayıcı sistem, reflyuks, pieloplastika, arxa uretral klapan və neyrogen sidik kisəsi kimi qısa modullar, prosedur videoları və özünü yoxlama sualları var.
Rezidentlər üçün pulsuzdur: uroloji təlim proqramında olanlar trainee abunəsinə müraciət edə bilər. Hesab açıb təlim statusunu təsdiqləyən sənədi yükləmək lazımdır, addımlar sual-cavab səhifəsindədir.
7. Türk Çocuk Ürolojisi Derneği
Dərnəyin tədris videolarında hipospadiya, uretra duplikasiyası, ureterosele, enurez və minimal invaziv cərrahiyyə üzrə türk dilində təqdimatlar var. Vebinarlar yalnız üzvlərə açıqdır.
8. ESPU “Üroterapi Kitabı”
İşəmə pozuntularından başlamaq istəyənlər üçün “Üroterapi Kitabı: Vaka Bazlı Yaklaşımlarla” yaxşı seçimdir. 2024-cü il türk versiyası açıq oxunur. Beş klinik hal üzərindən qəbizlik, hiperaktiv sidik kisəsi, enurez, disfunksional işəmə, az aktiv sidik kisəsi və gülüş inkontinensiyası müzakirə olunur. Seminar üçün rahatdır: halı əvvəlcə özünüz təhlil edin, sonra kitabdakı yanaşma ilə müqayisə edin.
9. UroEdu: rus dilində kurs
UroEdu platformasındakı “Детская урология” 44 mühazirədən ibarət pulsuz kursdur, qeydiyyat tələb olunur. Kurs 2016-cı ilə aiddir, baza biliyi üçün yaxşıdır, müalicə qərarlarını isə cari tövsiyələrlə yoxlayın.
10. Uro.TV
Uro.TV-nin “Детская урология-андрология” bölməsi konkret sual üzrə rus dilində video tapmaq üçündür. Videonun müəllifinə və tarixinə baxın.
11. Uropedia
Uropedia Türkiyə Ürolojik Cerrahi Derneğinin rəqəmsal platformasıdır: mühazirələr, cərrahi videolar, konqres materialları. Məsələn, hipospadiya bölməsində distal və proksimal formalar, fəsadlar və uzunmüddətli nəticələr üzrə türk və ingilis dilində çıxışlar var. Əməliyyatdan əvvəl mövzunu təkrar etmək üçün faydalıdır. Üzvlük hazırda pulsuzdur, səhiyyə işçiləri üçündür.
12. usaqurologiyasi.com: Azərbaycan və rus dilində qısa kurslar
Mövzunu öz dilində, qısa vaxtda təkrar etmək üçün “Həkimlər üçün” bölməsini hazırladım. Hazırda 13 kurs var, Azərbaycan və rus dilində. Hər kurs 12–18 dəqiqəlikdir: məqsədlər, əsaslar, diaqnostika, müalicə və test.
Mövzular: gecə sidik qaçırma, kriptorxizm, aşağı sidik yollarının disfunksiyası, obstruktiv uropatiyalar, keçid urologiyası, sidik yolu infeksiyası və reflyuks, kəskin skrotum, sünnət dərisi, hipospadiya və DSD, qasıq yırtığı və hidrosele, varikosele, neyrogen sidik kisəsi, hematuriya və daş. Bundan başqa göndəriş meyarları, sidik gündəliyi, hidronefroz kalkulyatoru və terminlər lüğəti də var.
Qısa müqayisə
| Resurs | Dil | Giriş | Nə üçün |
|---|---|---|---|
| EAU Guidelines | İngilis | Açıq | Klinik qərarlar |
| BJUI Knowledge | İngilis | Rezidentlərə pulsuz abunə | Modullar, suallar, videolar |
| ESPU Üroterapi Kitabı | Türk | Açıq | İşəmə pozuntuları, klinik hallar |
| Türk Çocuk Ürolojisi Derneği | Türk | Vebinarlar üzvlərə | Ekspert müzakirələri |
| Uropedia | Türk, ingilis | Pulsuz üzvlük | Konqres çıxışları, cərrahi videolar |
| UroEdu | Rus | Pulsuz, qeydiyyatla | 44 mühazirəlik baza kursu |
| Uro.TV | Rus | Videodan asılı | Konkret sual üzrə video |
| usaqurologiyasi.com | Azərbaycan, rus | Açıq | Qısa təkrar, test, alətlər |
Necə öyrənməli?
Hamısını bir həftəyə sığışdırmayın, bir mövzu seçin. Məsələn, kriptorxizm:
- usaqurologiyasi.com-da qısa kursu keçin və testi edin.
- EAU tövsiyələrində həmin mövzunun diaqnostika və müalicə bölməsini oxuyun.
- BJUI, ESPU və ya AUA materialı ilə dərinləşdirin.
- Klinikada gördüyünüz bir halı təlimçi həkimlə müzakirə edin.
- Bir neçə gün sonra qeydlərə baxmadan özünüzə üç sual verin: nəyi soruşmalıyam, nəyi müayinə etməliyəm, nə vaxt göndərməliyəm?
Kəskin skrotum, kriptorxizm və sidik yolu infeksiyası ilə başlayın, sonra hidronefroz, işəmə pozuntuları və mürəkkəb anadangəlmə xəstəliklərə keçin. Ən yaxşı oxu planı həmin həftə klinikada gördüyünüz xəstələrdən çıxır.
Bir kursla başlayın. On beş dəqiqə oxuyun, testi edin, sualınızı qeyd edin. Kurslara keç →
Onlayn təhsil klinik təlimi və konkret xəstə barədə mütəxəssis qərarını əvəz etmir. Resursların giriş şərtləri dəyişə bilər.