Artıq çəki və sonsuzluq

European Journal of Endocrinology-də dərc olunan yeni bir araşdırma göstərir ki, artıq çəkisi olan oğlan uşaqlarında xayaların daha kiçik olması ehtimalı daha çoxdur və bu, onların sonrakı yaşlarda sonsuzluq riskini artıra bilər.

4 il izlənilən 268 uşaq və yeniyetmənin məlumatları araşdırılıb. Tədqiqatçılar artıq çəkisi olan və ya obez olan oğlanların xayalarının normal çəkidə olan oğlanlara nisbətən əhəmiyyətli dərəcədə kiçik olduğunu müəyyən ediblər.

Həmçinin, hiperinsulinemiya və insulin müqaviməti kimi piylənmə ilə əlaqəli əlamətləri olan oğlanların testislərinin bu əlamətləri olmayan oğlanlara nisbətən daha kiçik olduğunu aşkar edilib.

Araşdırmanın nəticələri göstərir ki, uşaqlıqda piylənmə testislərin inkişafına mənfi təsir göstərə bilər. Bu da, yetkinlik dövründə sonsuzluğa səbəb ola bilər, çünki daha kiçik testislər daha az sperma istehsalı ilə əlaqələndirilir.

Tədqiqatçılar, əldə etdikləri nəticələr ilə uşaqlıqda piylənmənin qarşısının alınmasının vacibliyini vurğulayır.

Artıq çəkiyə erkən müdaxilə, yetkinlik dövründə testis funksiyasını qorumağa kömək edə bilər.

Əgər uşağınızın çəkisindən narahatsınızsa uşaq endokrinoloquna, əgər xayaları ilə əlaqəli problemdən şübhələnirsizsə uşaq uroloquna müraciət edin.

https://doi.org/10.1093/ejendo/lvad033