EAU Pediatrik Uroloji Rəhbər Tövsiyələri (Guideline) 2026

Avropa Uroloji Assosiasiyasının (European Association of Urology — EAU) Pediatrik Uroloji Rəhbər Tövsiyələri, EAU və Avropa Pediatrik Uroloji Cəmiyyətinin (ESPU) birgə ekspert paneli tərəfindən hazırlanan, sübuta əsaslanan (evidence-based) klinik sənəddir. İlk dəfə 2001-ci ildə nəşr olunmuş bu sənəd hər il sistemli ədəbiyyat icmalı əsasında yenilənir, beş illik dövrlərlə isə bütün fəsillər tam yenidən nəzərdən keçirilir.

2026-cı il nəşri pediatrik uroloji praktikada ən çox rast gəlinən klinik vəziyyətləri — anadangəlmə anomaliyalar, sidik yolu infeksiyaları, vezikoureteral reflüks, hidronefroz, kriptorxizm, hipospadias, varikoselə, fimoz, gecə enurezi və digərlərini əhatə edir. Bu il həmçinin “tranzision uroloji” (uşaqlıq yaşından yetkinlik dövrünə keçid) yeni bölmə kimi əlavə edilmişdir.

Niyə əhəmiyyətlidir?

Uşaqlardakı uroloji problemlər yaşlılarınkından həm anatomik, həm fizioloji, həm də psixososial baxımdan əhəmiyyətli dərəcədə fərqlənir. Bu səbəbdən bu sahədə klinik qərarlar fərdi təcrübəyə deyil, beynəlxalq səviyyədə təsdiqlənmiş elmi məlumatlara söykənməlidir. Rəhbər tövsiyələrin klinik praktikaya verdiyi əsas töhfələr:

  • Hər tövsiyə üçün sübut səviyyəsi (level of evidence) və tövsiyə gücü (grade of recommendation) açıq şəkildə göstərilir;
  • Diaqnostik və müalicəvi yanaşmalarda standartlaşma təmin edir;
  • Lazımsız cərrahi və radioloji müdaxilələri azaldır;
  • Pasiyent nəticələrini (outcomes) və xidmət keyfiyyətini yüksəldir;
  • Mürəkkəb hallarda multidissiplinar mərkəzlərə yönləndirmə üçün aydın meyarlar verir.

Həkimlər və rezidentlər üçün əhəmiyyəti

Praktikada çalışan həkimlər üçün bu sənəd gündəlik klinik qərarlarda istinad nöqtəsidir: hansı uşağa cərrahi müdaxilə lazımdır, hansı halda izləmə (watchful waiting) kifayətdir, hansı yaşda hansı müayinə aparılmalıdır — bu kimi sualların cavabını sistematik şəkildə təqdim edir.

Rezidentlər və uroloji üzrə ixtisaslaşan həkimlər üçün isə rəhbər tövsiyələr fundamental təhsil mənbəyidir. Avropa Pediatrik Uroloji Akademiyasının (EAPU) imtahanları, FEAPU sertifikatlaşması və bir çox milli ixtisas imtahanları məhz bu sənədin tövsiyələri üzərində qurulub. Bundan əlavə, hər tövsiyənin arxasında dayanan sübut bazasının açıq göstərilməsi rezidentlərə “niyə belə edirik?” sualına cavab tapmağa, yəni klinik düşüncə tərzini formalaşdırmağa imkan verir.

Azərbaycan dilinə tərcümə haqqında

Azərbaycanda pediatrik uroloji sahəsində ana dilimizdə müasir, sübuta əsaslanan akademik resurs çatışmazlığı uzun illərdir hiss olunur. Bu səbəbdən 2026-cı il nəşrinin əsas bölmələrini saytımda mərhələli şəkildə Azərbaycan dilinə tərcümə edərək paylaşmağı qərara aldım. Tərcümələr orijinal mətnin elmi dəqiqliyini qorumaqla yanaşı, milli klinik terminologiyaya uyğunlaşdırılaraq təqdim olunur.

Materiallar tibb tələbələri, rezidentlər, uroloqlar, pediatrlar və ailə həkimləri üçün nəzərdə tutulub. Yekunda bir vacib qeyd: rəhbər tövsiyələr heç vaxt fərdi klinik mühakimənin əvəzi deyil — onlar qərarvermə prosesini istiqamətləndirən, hər uşağın özünəməxsus vəziyyətini nəzərə alaraq tətbiq olunmalı olan elmi çərçivə təşkil edir.

Enməmiş xaya (Kriptorxizm)